27 February 2026

Sosial medianın qaranlıq tərəfi. Süni həyat və Zəhərli sarmaşıq

Sosial mediaların yaranması və yüksəlişi

Sosial media bu gün həyatımızın ayrılmaz hissəsi sayılır. O qədər adi və gündəlik bir alətə çevrilib ki, bir çoxumuz onun nə vaxt və hansı ehtiyacdan yarandığını düşünmürük, sosial mediada saatlarla vaxt keçiririk və ya itiririk. Sosial medianın ortaya çıxması əsasən insanın ünsiyyətə, görünməyə və təsdiqlənməyə olan ehtiyacının məhsuludur. İnternetin ilk dövrlərində məqsəd sadəcə informasiya mübadiləsi idi. Veb səhifələr statik idi, istifadəçi oxuyur, amma cavab verə bilmirdi. Zamanla bu birtərəfli axın kifayət etmədi və insanlar yalnız məlumat almaq deyil, həm də özlərini ifadə etmək istədilər.

Black Mirror" Nosedive (TV Episode 2016)

Bu ehtiyac sosial şəbəkə anlayışının formalaşmasına gətirib çıxardı. 1997-ci ildə yaradılan SixDegrees.com ilk dəfə olaraq insanlara şəxsi profil yaratmaq, digər istifadəçilərlə əlaqə qurmaq və bu əlaqələri görünən şəkildə idarə etmək imkanı verdi. Platformanın texniki imkanları bu günün standartları ilə primitiv görünə bilər, amma ideya baxımından dönüş nöqtəsi olmuşdu. İlk dəfə insan özünü internetdə sadəcə istifadəçi yox, sosial varlıq kimi təqdim edə bilirdi. Ardınca 2000-ci illərin əvvəllərində Friendster və MySpace kimi platformalar meydana çıxdı. Xüsusilə MySpace gənclər arasında sürətlə yayıldı. İnsanlar profil dizaynı, musiqi seçimi və yazılar vasitəsilə özlərini ifadə etməyə başladılar.

2004-cü ildə Facebook-un yaranması sosial medianın inkişafında yeni mərhələ açdı. Əvvəlcə universitet tələbələri üçün nəzərdə tutulan bu platforma qısa müddət ərzində qlobal şəbəkəyə çevrildi. Facebook-un əsas fərqi onun sadəliyi və real kimliyə əsaslanması idi. İnsanlar artıq anonim nicknamelər arxasında gizlənmirdi, real ad, real şəkil və real əlaqələr ön plana çıxırdı. Bu, sosial medianı daha etibarlı və cəlbedici etdi. Ardınca YouTube-un video paylaşım mədəniyyətini formalaşdırması, Twitter-in qısa və anlıq fikir paylaşımını populyarlaşdırması, Instagram-ın vizual estetikaya əsaslanan yeni ünsiyyət dili yaratması sosial medianın çoxşaxəli ekosistemə çevrilməsinə səbəb oldu.

Sosial medianın bu qədər sürətlə yayılmasının əsas səbəblərindən biri onun zaman və məkan məhdudiyyətlərini aradan qaldırması idi. İnsanlar artıq fiziki olaraq eyni məkanda olmadan ünsiyyət qura, fikir mübadiləsi edə bilirdilər. Bu xüsusiyyət xüsusilə miqrasiya, qlobal əmək bazarı və beynəlxalq təhsil kimi proseslərin artdığı dövrdə böyük əhəmiyyət kəsb edirdi. Sosial media insanlara uzaqda olan ailə üzvləri ilə əlaqə saxlamaq, köhnə dostları tapmaq və yeni sosial dairələr yaratmaq imkanı verdi.

Bu inkişaf yalnız fərdlərlə məhdudlaşmadı. Şirkətlər və bizneslər sosial medianın potensialını çox tez anladılar. Ənənəvi reklam modelləri yüksək maliyyətli və birtərəfli olduğu halda sosial media interaktiv və ölçülə bilən bir mühit təklif edirdi. Brendlər birbaşa müştəri ilə ünsiyyət qura, rəy toplaya və məhsullarını daha effektiv şəkildə tanıda bildilər. Xüsusilə kiçik və orta bizneslər üçün sosial media böyük fürsətə çevrildi. Əvvəllər geniş auditoriyaya çıxmaq üçün böyük büdcələr tələb olunurdusa indi bir neçə düzgün paylaşım və strategiya ilə minlərlə insana çatmaq mümkün idi.

Sosial media həmçinin şəxsi brend anlayışını formalaşdırdı. İnsanlar yalnız istehlakçı deyil, eyni zamanda məzmun istehsalçısına çevrildi. Bloqerlər və influenserlər yeni peşə qrupları kimi meydana çıxdı. Bu proses fərdlərə öz bilik və bacarıqlarını monetizasiya etmək imkanı verdi. Bir insan evindən çıxmadan qlobal auditoriya qazana və gəlir əldə edə bildi.

Eyni zamanda sosial media informasiya yayımında da ciddi dəyişikliklər yaratdı. Ənənəvi media qurumlarının monopoliyası zəiflədi, xəbərlər daha sürətli yayılmağa başladı. Hadisə baş verən anda insanlar onu paylaşır, şərh edir və müzakirə edirdi.

Bu yüksəliş dövründə sosial media əsasən müsbət kontekstdə təqdim olunurdu. Azad fikir mübadiləsi, demokratikləşmə, şəffaflıq və imkan bərabərliyi kimi anlayışlar ön plana çıxırdı. İnsanlar özlərini daha güclü və görünən hiss edirdilər. Səsin eşidilməsi üçün artıq böyük platformalara ehtiyac yox idi. Bir paylaşım bəzən minlərlə, hətta milyonlarla insana çata bilirdi. Bu güc hissi sosial medianın cazibəsini daha da artırdı.

Mobil texnologiyaların inkişafı isə sosial medianın yüksəlişini sürətləndirdi. Hər an, hər yerdə foto çəkmək, video paylaşmaq və reaksiya vermək mümkün oldu. Bu da sosial medianı gündəlik həyatın təbii hissəsinə çevirdi. Bu mərhələdə sosial media sosial davranış modeli kimi formalaşmağa başladı.  Həyat getdikcə sənədləşdirilən, arxivləşdirilən və nümayiş etdirilən prosesə çevrildi. Bu isə sosial medianın artıq sadəcə ünsiyyət vasitəsi olmadığını, insan həyatının strukturuna təsir etdiyini göstərirdi. Statistika göstərir ki, ortalama bir istifadəçi hər gün təxminən 2 saat 21 dəqiqə sosial mediada vaxt keçirir.

 Lakin bu yüksəlişin davamında yaranan yeni mexanizmlər və davranış formaları artıq başqa suallar doğurmağa başladı. Sosial media həyatımızı asanlaşdırmaq üçün yaradılmışdı, amma zamanla həyatın özünü necə dəyişdirdiyi məsələsi getdikcə daha çox diqqət çəkməyə başladı.


Qaranlıq tərəf - filtrli reallıq və görünməyən təsirlər

Sosial media ilk baxışda yalnız bir ünsiyyət vasitəsi kimi görünə bilər -  bir şəkil, bir status, qısa bir video. Amma bu yalnız səthi, ən parlaq tərəfidir. Reallığın böyük hissəsi kamera tərəfindən heç vaxt çəkilmir, filtrlənmir və paylaşılmır. Biz isə ekran qarşısında oturub başqalarının filtrlənmiş, ən təsirli hissədən ibarət həyatına baxaraq özümüzü qiymətləndiririk.

Dünyada sosial medianın populyarlığı inanılmaz ölçülərə çatıb. 2025-ci il üçün qlobal hesabatlara görə təxminən 5.41 milyard insan sosial media istifadəçisi kimi qeydə alınıb. 

Sosial media profilində paylaşdığın şəkil və yazıların hamısı sənin seçiminlə filtrlənir: ən yaxşı işıqlanma, ən uyğun an, ən təsirli baxışbucağı. Ancaq bu, sənin həyatındakı bütün anların yalnız bir hissəsidir - baxmayaraq ki, sənin və başqa insanların gözündə bu, normal həyat tərzi kimi qəbul edilir.

Bu filtrli reallıq yalnız fərd üçün deyil, münasibətlər üçün də zərərli təsir yaradır. İnsanlar bir-birinə yalnış ifadə etdiyi mesajdan dolayı özlərini rədd olunmuş hiss edə bilir, “seen” statusu münasibətin dəyərini ölçən göstəriciyə çevrilir və hisslər artıq davranışdan əvvəl onlayn reaksiya ilə ölçülür. Belə bir mühitdə hiss etdiyimiz xoşbəxtlik yalnız alqoritmin bir hissəsidir və tez-tez reallıqla heç bir əlaqəsi yoxdur. 

Bir çox insan başqalarının həyat tərzinə baxıb öz həyatını bəyənməməyə başlayır... 

Bir klik, bir reaksiya və nəzarətsiz paylaşımlar sürətlə yanlış məlumatın yayılmasına yol açır. Bu informasiya müharibələrinin, siyasi manipulyasiyanın və ictimai rəyin formalaşmasında da lokomotivə çevrilir. 

Bu təsirlər yalnız yetkinlərlə məhdudlaşmır. Pew Research Center-in araşdırmasına görə yeniyetmələrin çoxu sosial mediadan az qala davamlı onlayn vəziyyətdə olduğunu bildirib. Gündəlik həyatlarında bu qədər vaxt keçirmək, öz kimliklərini və dəyər hisslərini bəyənmələr, paylaşım sayı və rəylər üzərindən qurmağa səbəb olur. Bu isə davranış və emosional inkişafda ciddi təsirlərə yol aça bilir; özünə hörmətin azalması, diqqət problemləri və daha çox başqaları ilə daimi müqayisə kimi.

Deyə bilərik ki, sosial media insanların gündəlik psixoloji təcrübəsini formalaşdıran, hissləri tetikləyən və davranışları müəyyən edən güclü bir mühitdir.


Zəhərli sarmaşıq metaforası və alqoritmlər

Sosial media alqoritmləri çox vaxt görünməyən rejissorlar kimi təsvir edilir. Bunlar ekranın arxasında oturub sənin nə istədiyini “təxmin etməyə” çalışmır; əksinə, səni platformada nə qədər çox saxlamalı olduqlarını öyrənirlər. Bu proses bəzən o qədər mərhələli və incə işləyir ki, insan heç fərqinə varmır. Sadəcə daha bir video, daha bir paylaşım, sonra daha bir… və birdən görürsən ki, scroll etməyin (ekranı sürüşdürmək) artıq sadəcə “vərdiş” deyil, səni daim geri çəkən bir qüvvəyə çevrilir.

Düşün ki, sosial media bir sarmaşıqdır: əvvəlcə bəzək kimi görünür - rəngli, maraqlı, cazibədar... Sonra o qolları səni əhatə etməyə başlayır, daha çox vaxtını tutur, diqqətini parçalayır. Nəhayət, sənin gündəlik ritminə daxil olur və sanki nəfəs almağın üçün lazım olan sahəni daraldır. Bu sarmaşıq kimi alqoritmlər də səssizcə, yavaş-yavaş və dərindən həyatımızı bürüyür. Əksər hallarda bizim iradəmizdən çox diqqətimizi maliyyə modelinə satırlar.

Alqoritmlər necə işləyir?

Çox sadə dillə desək: alqoritmlər sənin davranışını analiz edir - hansı videolara uzun baxırsan, hansı postlara reaksiya verirsən, hansı tip məzmunla daha çox qarşılıqlı əlaqədə olursan və sonra sənə daha çox buna bənzər şeylər göstərir. Məqsəd sadədir: səni daha çox etkileşimdə saxlamaq və öz məhsullarını reklamverənlərə satmaq üçün vaxtını artırmaq. Belə davranış yönəldilmiş tövsiyə sistemidir. Yaxşı tərəfi odur ki, daha çox görmək istədiyin məzmunu görə bilərsən. Pis tərəfi isə odur ki, bu sistem səni tez-tez öz komfort zonasından çıxmayan, sadəcə dopamin mükafatı verən məzmuna yönəldir.

Və alqoritmlər səni yalnız izləmək istədiyini düşündüyün məzmuna yönləndirmir, həm də səni daha uzun müddət əlaqədə saxlamaq üçün dizayn edilmiş loop-lar (təkrar dövrlər) yaradır. Bu loop-lar istifadəçi qarşılıqlı əlaqəsini artırmaq üçün hazırlanır.

Asılılıq və dopamin?

Bu sarmaşıq təsirinin əsas mexanizmi dopaminlə bağlıdır. Beyində “mükafat və zövq” hissini yaradan kimyəvi maddə. Hər bəyənmə, paylaşım və ya sürüşdürülən video dopamin səviyyəsini bir az artıraraq beynin mükafat dövrünü qıcıqlandırır. Bu dopamin döngüsü eynilə bir mükafat sistemi kimi işləyir: gözlənilməz bir müsbət təcrübə (məsələn, yeni bir maraqlı video) dopamin çıxarır və bizi daha çox ehtiyac hiss etməyə vadar edir. Bu, yalnız sosial media üçün yox, narkotik və digər asılılıq yaradan vasitələr üçün də eyni əsas mexanizmdir. Sadəcə bu dəfə alqoritm “dərmanı” təmin edir.

Alqoritmlərin sosial media istifadəçilərində formalaşdırdığı maraqlı bir nəticə odur ki, asılılıq “vaxt miqdarı” ilə deyil, “qəbul edilmiş davranış”la ölçülür. Məsələn, 2025-ci ilin bir tədqiqatı göstərir ki, gənclər arasında sosial media istifadəsinin çox hissəsində yüksək asılılıq davranışları əhəmiyyətli dərəcədə artıb və bu da depressiya, narahatlıq və davranış problemləri ilə əlaqələndirilib.

Digər tədqiqatlar alqoritmlərin yeniyetmələr arasında daha ciddi zehni təsirlərlə əlaqəli olduğunu göstərir, məsələn depressiya, bədən şəkli ilə bağlı narazılıq, özünə inamsızlıq və hətta intihara meyl kimi nəticələrə qədər. Bu nəticələr alqoritmlərin yalnız diqqəti təmin etməklə qalmayıb, emosional və psixoloji problemləri də gücləndirdiyini göstərir.

“Echo chamber” və filtr balonu

Bir digər problem isə “echo chamber” və ya filtr balonu adlanan effektlə bağlıdır. Alqoritmlər sənin baxdığın məzmuna uyğun daha çox oxşar məzmun göstərdiyi üçün zamanla fikir və baxış dairən daralır. Bu, yalnız xoş xəbər və estetik görüntülərə görə deyil; daha geniş miqyasda da işləyir. Siyasi məzmun, ekstremist fikirlər və stereotiplər sistematik olaraq yenidən təkrarlanır və gücləndirilir. Beləliklə, istifadəçi yalnız öz baxışını təsdiqləyən məlumatlarla əhatə olunur və bunun “obyektiv reallıq” olduğunu düşünməyə başlayır.

Bu da ironik şəkildə insanların dünyaya baxışını daraldır, qapalı dairələrdə qalmağa səbəb olur və fərqli perspektivlərlə ünsiyyəti azaldır. Qəribə sarmaşıq kimi, ətrafı bürüyür və başqa istiqamətlərə çıxışı çətinləşdirir.


Bəzi şəxslər isə sosial şəbəkənin bu məndi cəhətlərindən istifadə edib öz zəhərli və zərərli fikirlərini yaymağa başlayırlar. Məsələn, irqçiliyi milliyətçilik adı altında, başqa "qəribə" düşüncələri feminizm, din, və ya başqa ideologiyalar adı altında yeridirlər...


Bəlkə də problem sosial media deyil. Bəlkə problem, ona həyatımızda verdiyimiz yerdir.

Ekranda gördüyün həyat tam deyil. Amma sənin yaşadığın həyat realdır.

Yəni sosial şəbəkələrdə zamanını keçir, amma həyatını da yaşa...