Süni intellekt çox vaxt yeni bir anlayış kimi təqdim olunur. Sanki son on ilin məhsuludur.
Əslində isə onun kökləri insanın çox qədim bir sualına dayanır:
“Maşın düşünə bilərmi?”
Düşünən maşın ideyası haradan gəldi?
İnsan tarix boyu yalnız ətraf aləmi dəyişdirməyə yox, özünü anlamağa da çalışmışdır. Bu anlama cəhdi sadəcə fəlsəfi suallarla məhdudlaşmayıb. İnsan gördüyünü təkrar yaratmaq, müşahidə etdiyini modelləşdirmək və öz davranışını başqa varlıqlarda görmək istəyib. Düşünən maşın ideyası da məhz bu istəkdən yaranmışdır. Süni intellekt terminini yaradan əsas fikir min illər öncə formalaşmağa başlayıb.
İnsanlar danışığını, qərarlarını, səhvlərini və öyrənmə prosesini müşahidə edib bunları təkrar yarada biləcəyini düşünmüşdür. Bu istək ilk dövrlərdə texnologiya ilə deyil, təsəvvürlə ifadə olunurdu. İnsan xəyalında özünə bənzər varlıqlar yaradır, onlara hərəkət və bəzən də iradə verirdi. Qədim miflərdə rast gəlinən süni varlıqlar bu ideyanın ilk simvolik ifadələri idi.
Qədim Yunan mifologiyasında Talos adlı mexaniki nəhəng insanın yaratdığı, lakin müstəqil şəkildə hərəkət edən bir varlıq kimi təsvir edilirdi. O, adanı qoruyur, təhlükəni ayırd edir və buna uyğun reaksiya verirdi. Texniki baxımdan bu varlıq real deyildi, lakin ideya çox aydın idi. İnsan öz davranışını və qərar mexanizmini cansız bir obyektə köçürmək istəyirdi. Yəhudi folklorundakı Golem obrazı da eyni fikri daşıyırdı. İnsan tərəfindən yaradılan, amma onun yerinə işləyən bir varlıq anlayışı düşünən maşın ideyasının ilkin forması idi.
Bu miflərdə diqqət çəkən əsas məqam düşüncənin özü yox, onun nəticəsi idi. Yəni davranış. İnsan hələ düşüncənin necə yarandığını anlamadan əvvəl onun zahiri formasını təqlid etməyə çalışırdı. Bu yanaşma sonradan süni intellekt tarixində çox mühüm rol oynayacaqdı.
Zaman keçdikcə təsəvvür yerini real mexaniki qurğulara verdi. Qədim Çin, Yunanıstan və xüsusilə İslam dünyasında mexaniki fiqurlar yaradılmağa başlandı. Bu qurğular müəyyən ardıcıllıqla hərəkət edir, bəzən insan davranışına bənzər funksiyalar yerinə yetirirdi. Orta əsrlərdə yaşamış mühəndis və alim Əl Cəzərinin hazırladığı mexaniki sistemlər bunun ən parlaq nümunələrindəndir. Onun yaratdığı qurğular suyun axını ilə işləyir, müəyyən hərəkətləri ardıcıl şəkildə yerinə yetirirdi və kənardan baxan insanda canlılıq illüziyası yaradırdı. Bu mexaniki fiqurlar ağıllı deyildi. Onlar düşünmür, analiz etmir, öyrənmirdi. Amma çox vacib bir ideyanı göstərirdi. Davranış əvvəlcədən müəyyən edilmiş mexanizmlərlə təkrar yaradıla bilərdi. İnsanlıq üçün bu böyük bir kəşf idi. Çünki ilk dəfə olaraq davranış düşüncədən ayrılmış şəkildə modelləşdirilirdi.XVII və XVIII əsrlərdə saat mexanizmlərinin inkişafı bu yanaşmanı daha da gücləndirdi. Saat artıq sadəcə vaxt ölçən alət deyildi. O, dəqiqlik, ardıcıllıq və mexaniki nizamın simvoluna çevrildi. Bir çox filosof dünyanı böyük bir mexanizm kimi görməyə başladı. İnsan bədəni də bu mexanizmin bir hissəsi kimi qəbul edilirdi. Əgər bədən mexaniki qanunlarla işləyirsə, bəs ağıl nədir sualı ortaya çıxdı.
Bu dövrdə davranış getdikcə daha çox mexaniki səbəblərlə izah olunmağa başladı. Hərəkətlərin səbəb nəticə əlaqəsi ilə baş verdiyi fikri geniş yayıldı. İnsan davranışı müəyyən şərtlər daxilində proqnozlaşdırıla bilən bir proses kimi qəbul edilməyə başladı. Bu baxış düşünən maşın ideyasını mistik səviyyədən elmi səviyyəyə daşıdı.
Ən mühüm dönüş nöqtələrindən biri davranışın təqlid edilməsinin düşüncənin özü qədər vacib sayılması oldu. İnsan anladı ki, düşüncəni birbaşa yaratmaq çox çətindir. Amma düşüncənin xaricə yansıyan formasını modelləşdirmək mümkündür. Əgər bir sistem müəyyən vəziyyətlərdə insan kimi reaksiya verirsə o sistem ağıllı görünə bilər. Bu yanaşma sonralar davranışa əsaslanan süni intellekt modellərinin əsasını təşkil etdi.
XVIII əsrdə Avropada nümayiş etdirilən Mexaniki Türk adlı şahmat avtomatı bu düşüncənin maraqlı nümunəsidir. İnsanlar bu qurğunun şahmat oynadığını və qərar verdiyini düşünürdülər. Onu 1770-ci ildə macar mühəndis Wolfgang von Kempelen yaratmışdı. Xaricdən baxanda insan formasında bir fiqur görünürdü. Başında türk tipli sarıq vardı və buna görə “Türk” adlandırılmışdı. Qarşısında şahmat taxtası olurdu və o, insanlarla şahmat oynayır, hətta bir çox peşəkar oyunçunu məğlub edirdi. Ən maraqlı tərəfi isə bu idi ki, insanlar uzun müddət bu qurğunun həqiqətən “düşündüyünə” inanırdılar. Mexaniki Türk Avropanın bir çox şəhərlərində nümayiş etdirildi, Napoleon və Benjamin Franklin kimi məşhur şəxslərlə də oynadığı iddia olunur. O dövr üçün bu, inanılmaz bir şey idi. İnsanlar ilk dəfə maşının intellektual fəaliyyət göstərə biləcəyini real olaraq “gördüklərini” düşünürdülər. Amma həqiqət fərqli idi. Mexaniki Türk əslində ağıllı deyildi. O, real süni intellekt deyildi. Qurğunun içində gizlədilmiş bir insan, şahmatçı vardı. Məlum oldu ki, bu bir illüziya idi. Texniki baxımdan bu bir aldadıcı nümayiş olsa da, psixoloji baxımdan çox dərin bir həqiqəti üzə çıxardı. İnsan qarşısındakı varlığın daxili mexanizmini yox, onun davranışını qiymətləndirir.Bu fikir sonradan süni intellektin ən əsas prinsiplərindən birinə çevrildi. Əgər bir sistem insanla eyni davranışı göstərirsə, o sistem ağıllı kimi qəbul edilə bilər. Məhz bu yanaşma daha sonra Alan Turing tərəfindən elmi formaya salındı. Düşünən maşın ideyasının tarixi göstərir ki, insan əvvəlcə düşüncəni yox, davranışı təqlid edib. Mexaniki fiqurlar, saat mexanizmləri və avtomatlar düşünən varlıq deyildi, amma düşünən varlığın zahiri formasını yaradırdı. Bu proses süni intellektin təməlini təşkil etdi.
Bu gün istifadə etdiyimiz süni intellekt sistemləri də eyni yolun davamıdır. Onlar hələ də insan düşüncəsini tam anlamır. Amma insan davranışını müəyyən çərçivələr daxilində uğurla təqlid edə bilirlər. Düşünən maşın ideyası məhz bu uzun və mərhələli insan axtarışının məhsuludur. Bəlkə də ən maraqlı sual hələ də dəyişməyib. Əgər bir maşın davranışı mükəmməl şəkildə təqlid edirsə onu düşünən adlandıra bilərikmi. Bu sual süni intellektin keçmişində olduğu kimi gələcəyində də əsas müzakirə mövzusu olaraq qalacaq.
Davranışdan düşüncəyə doğru
Bir müddət davranışın təqlid olunması ilə kifayətlənildi. Mexaniki fiqurlar, avtomatlar və əvvəlcədən qurulmuş mexanizmlər müəyyən hərəkətləri uğurla yerinə yetirirdi. Kənardan baxan üçün bu davranışlar canlı və məqsədli görünürdü. Lakin zaman keçdikcə bu yanaşmanın sərhədləri aydınlaşmağa başlanıldı. İnsan başa düşdü ki, sadəcə davranışı təkrar etmək kifayət deyil. Əsas məsələ bu davranışın arxasında duran mexanizmi anlamaqdır.
Bu nöqtədə çox vacib bir sual ortaya çıxdı. İnsan niyə müəyyən vəziyyətdə məhz belə reaksiya verir. Bu reaksiya təsadüfdürmü, yoxsa müəyyən daxili qaydalara əsaslanır. Əgər bu qaydalar mövcuddursa onları formal şəkildə ifadə etmək mümkündürmü. Məhz bu suallar düşünən maşın ideyasını yeni mərhələyə keçirdi. Davranış artıq sadəcə zahiri hərəkət kimi yox, daxili səbəblərin nəticəsi kimi qəbul edilməyə başlanıldı. İnsan qərar verərkən məlumatı necə emal edir, variantları necə müqayisə edir və nəticəyə necə gəlir. Bu suallar fəlsəfədən çıxaraq tədricən riyaziyyat və məntiqin sahəsinə daxil oldu.
XVII əsrdən etibarən məntiqin riyazi formaya salınması istiqamətində ciddi addımlar atıldı. Gottfried Wilhelm Leibniz kimi filosof və riyaziyyatçılar düşünürdülər ki, insan düşüncəsi də hesablamaya bənzər şəkildə işləyə bilər. Əgər düşüncə məntiqi qaydalara əsaslanırsa onda bu qaydalar simvollar vasitəsilə ifadə oluna bilər. Bu ideya çox radikal idi. Çünki ilk dəfə olaraq ağıl mistik anlayışdan çıxarılıb formal sistem kimi təsəvvür edilirdi
Məntiqin formallaşdırılması ilə yanaşı riyaziyyatda da böyük dəyişikliklər baş verirdi. Hesablama anlayışı genişlənir, alqoritmik düşüncə formalaşırdı. Alqoritm artıq sadəcə riyazi əməliyyatlar ardıcıllığı deyil, problemin həlli üçün addım-addım plan kimi qəbul olunurdu. Bu isə düşüncə ilə hesablamanı bir-birinə daha da yaxınlaşdırdı.
İnsan getdikcə daha aydın görməyə başladı ki, bir problemi həll edərkən beynində baş verən prosesləri müəyyən ardıcıllıqla təsvir etmək mümkündür. Bu təsvirlər də öz növbəsində mexaniki və ya sonradan elektron sistemlərdə reallaşdırıla bilər. Beləliklə, davranışın arxasında dayanan mexanizmlər abstrakt anlayışlardan çıxaraq riyazi modellərə çevrilməyə başladı. Bu mərhələdə çox mühüm bir anlayış formalaşdı. Düşünmək mütləq şəkildə şüur və hiss demək olmaya bilər. Düşünmək məlumatın qəbul edilməsi, emalı və nəticə çıxarılması prosesi kimi də izah oluna bilər. Əgər bu proses riyazi olaraq təsvir edilə bilirsə deməli onu maşın üzərində də icra etmək olar. Bu fikir süni intellektin elmi əsaslarının yaranmasında həlledici rol oynadı.
Eyni dövrdə ehtimal nəzəriyyəsi və statistika da inkişaf etməyə başladı. İnsan davranışının həmişə dəqiq və deterministik olmadığı aydınlaşdı. Qərarlar çox vaxt qeyri-müəyyənlik şəraitində verilir. Bu isə düşüncənin sərt qaydalardan ibarət olmadığını, ehtimallar və seçimlər üzərində qurulduğunu göstərirdi. Beləliklə, insan ağlı təkcə məntiqi deyil, eyni zamanda qeyri-müəyyən bir sistem kimi qəbul edilməyə başlandı.
Hesablama anlayışının inkişafı ilə birlikdə maşınların rolu da dəyişdi. Maşın artıq sadəcə fiziki gücü əvəz edən vasitə deyildi. O, informasiya emal edən bir sistemə çevrilirdi. Mexaniki mexanizmlər yerini riyazi təsvir olunmuş hesablama modellərinə buraxırdı. Bu nöqtədə əsas sual davranışı necə təqlid etmək yox, düşüncə prosesini necə hesablamaq idi.
Bu ideyalar bir nöqtədə birləşərək yeni bir baxış formalaşdırdı. Əgər düşüncə müəyyən formal qaydalarla işləyirsə onda bu qaydalar maşın vasitəsilə də icra oluna bilər. Maşının ağıllı olub olmaması artıq onun necə hazırlandığı ilə deyil, hansı hesablamaları yerinə yetirdiyi ilə ölçülməyə başladı. Beləliklə, düşünən maşın ideyası miflərdən və mexaniki fiqurlardan ayrılaraq elmi müstəviyə keçdi. Artıq sual belə idi - Maşın insan kimi hesablaya bilərmi? Düşüncəni riyazi və məntiqi struktura salmaq cəhdi süni intellektin əsl başlanğıcı oldu.
Bu nöqtədə tarix səhnəsinə çox vacib bir şəxs çıxır. O, düşüncəni hesablamayla birləşdirən bu ideyanı konkret və ölçülə bilən formaya saldı. Məhz burada növbəti sual ortaya çıxır.
Əgər düşünmək hesablamadırsa, bəs maşın düşünə bilərmi?
Bu sualı ilk dəfə açıq şəkildə verən isə Alan Turing oldu.
Alan Turing və maşın düşünə bilərmi sualı
Turing bu sualı verərkən onun fərqində idi ki, düşünmək anlayışının özü çox qeyri-müəyyəndir. İnsanlar düşünməyi şüur, hiss və daxili təcrübə ilə əlaqələndirirlər. Lakin bu anlayışlar ölçülə bilmir və elmi mübahisə üçün əlverişli deyil. Turingin əsas yeniliyi sualı dəyişmək idi. O, maşın düşünə bilərmi sualını birbaşa cavablandırmağa çalışmadı. Bunun əvəzinə soruşdu ki, maşın insan kimi davranarsa, onu düşünən hesab edə bilərikmi?
1950-ci ildə Turing məşhur məqaləsində bu problemi yeni formada təqdim etdi. O, düşünmək anlayışını davranışla əlaqələndirdi. Əgər bir sistem insanla ünsiyyətdə olduqda özünü insandan ayırd edilə bilməyəcək şəkildə aparırsa bu sistemin ağıllı olub olmadığını mübahisə etməyin mənası varmı? Bu yanaşma süni intellekt tarixində çox kəskin dönüş nöqtəsi idi. Çünki ilk dəfə olaraq ağıl anlayışı daxili proseslərdən çıxarılıb müşahidə edilə bilən nəticələrə əlaqələndirildi.
Beləliklə, sonradan Turing Testi adlandırılan yanaşma ortaya çıxdı. Bu testdə əsas ideya sadə idi. İnsan bir sistemlə yazılı ünsiyyət qurur. Qarşı tərəfdə insan və yaxud maşın ola bilər. Əgər insan müəyyən müddətdən sonra hansının maşın olduğunu ayırd edə bilmirsə o sistemin müəyyən mənada insan kimi düşündüyü hesab edilə bilər. Burada diqqət mərkəzində olan məsələ maşının necə işləməsi deyil, onun necə davrandığı idi.
Bu yanaşma bəziləri üçün cəsarətli, bəziləri üçün isə təhlükəli görünürdü. Tənqidçilər deyirdilər ki, davranışı təqlid etmək düşünmək demək deyil. Onların fikrincə maşın sadəcə düzgün cavabları seçə bilər, amma bu cavabların mənasını anlamaz. Lakin Turing bu tənqidlərə qarşı mövqeyində israrlı idi. O düşünürdü ki, insan da öz davranışını daxili proseslərə baxaraq yox, xarici nəticələrə əsasən qiymətləndirir. Biz qarşıdakı insanın həqiqətən nə hiss etdiyini və ya necə düşündüyünü bilmirik. Biz sadəcə onun dediklərinə və etdiklərinə baxırıq. Bu baxımdan Turingin yanaşması insan ağlına dair qəbul etdiyimiz ölçülərlə tam uyğun idi. İnsanları ağıllı hesab edərkən onların beynində nə baş verdiyini yox, necə davrandığını əsas götürürük. Eyni meyarı maşınlara tətbiq etməmək üçün ciddi bir səbəb yoxdur. Bu fikir süni intellektin elmi əsaslarının formalaşmasında həlledici rol oynadı.Turing testi eyni zamanda fəlsəfə ilə elmin sərhədini dəyişdi. Əvvəllər ağıl və düşüncə fəlsəfənin müzakirə mövzusu idi. Turing isə bu anlayışları ölçülə bilən və yoxlanıla bilən çərçivəyə saldı. Artıq sual maşının daxili şüurunun olub olmaması deyildi. Sual maşının insanla eyni intellektual performansı göstərib göstərə bilməməsi idi. Bu yanaşma süni intellekt tədqiqatlarına praktik istiqamət verdi. Alimlər maşının nə hiss etdiyini yox, hansı tapşırıqları yerinə yetirə bildiyini ölçməyə başladılar. Dil anlama, məntiqi nəticə çıxarma, problem həll etmə və ünsiyyət kimi qabiliyyətlər əsas meyarlara çevrildi. Süni intellekt tədqiqatları məhz bu nöqtədən sonra sistemli şəkildə inkişaf etməyə başladı.
Zaman keçdikcə Turing testi həm tətbiq edildi, həm də tənqid olundu. Bəzi sistemlər müəyyən məhdud sahələrdə insanı çaşdırmağı bacardı. Digər tərəfdən bu sistemlərin real anlayışa sahib olmadığı da aydın idi. Amma burada əsas məsələ testin keçilib keçilməməsi deyildi. Əsas məsələ Turingin ortaya qoyduğu düşüncə tərzi idi. Davranışa əsaslanan ağıl anlayışı.
Bu anlayış bu gün də aktuallığını qoruyur. Müasir süni intellekt sistemləri çox mürəkkəb modellərə əsaslansa da onların qiymətləndirilməsi hələ də davranış üzərindən aparılır. Bir dil modeli insanla mənalı dialoq qura bilirmi? Bir görmə sistemi obyektləri insan səviyyəsində tanıya bilirmi? Bir qərar sistemi real mühitdə düzgün reaksiya verə bilirmi? Bu sualların hamısı mahiyyət etibarilə Turingin yanaşmasının davamıdır.
Bugünkü texnologiya Turingin dövründə təsəvvür belə edilə bilməyəcək səviyyəyə çatıb. Amma əsas sual dəyişməyib. Maşın düşünürmü yoxsa sadəcə çox yaxşı təqlid edir?
Alan Turing doğru sualı verdi və bu sualı ölçülə bilən formaya saldı. Məhz buna görə onun yanaşması bu gün də elmi müzakirələrin mərkəzindədir. Süni intellektin nə olduğu ilə bağlı bütün mübahisələr, bir növ Turingin qoyduğu çərçivənin içində aparılır.
Beləliklə, fəlsəfi düşüncədən elmi metodologiyaya keçid məhz burada baş verdi. Düşünmək artıq mistik anlayış deyil, müşahidə edilə bilən bir proses kimi qəbul edilməyə başladı. Bu yanaşma süni intellektin yolunu açdı və onu müasir elmin əsas sahələrindən birinə çevirdi.
Amma bu yolun sonunda hələ də açıq qalan bir sual var. Davranışa əsaslanan ağıl anlayışı kifayətdirmi, yoxsa düşünmək üçün bundan daha artığı lazımdır. Bu sual süni intellektin gələcəyini müəyyənləşdirəcək əsas müzakirə olaraq qalır.
Turingdən sonra nə oldu? Qaydalar niyə yetərli olmadı?
Alan Turingin ortaya qoyduğu davranışa əsaslanan ağıl anlayışı süni intellekt tədqiqatlarına güclü bir başlanğıc verdi. Bu yanaşma alimlərə konkret hədəf göstərirdi. Əgər düşüncə müəyyən qaydalarla ifadə oluna bilirsə bu qaydalar maşın üzərində də icra edilə bilərdi? Beləliklə, süni intellektin ilk praktik mərhələsi başladı.
Bu dövrdə alimlər insan düşüncəsini məntiqi qaydalar şəklində modelləşdirməyə çalışdılar. Fikir sadə idi. İnsan qərar verərkən müəyyən şərtləri nəzərə alır və nəticəyə gəlir. Bu şərtlər əgər formal şəkildə yazıla bilirsə onda maşın da eyni qərarı verə bilər. Beləliklə, qayda əsaslı sistemlər ortaya çıxdı. Bu sistemlərdə biliklər əvvəlcədən müəyyən edilmiş məntiqi ifadələr şəklində kodlaşdırılırdı. İlk nəticələr ümidverici idi. Məhdud sahələrdə işləyən ekspert sistemlər yaradıldı. Bu sistemlər müəyyən problemləri insan səviyyəsində həll edə bilirdi. Tibbi diaqnostika, riyazi teoremlərin sübutu və sadə dil emalı kimi sahələrdə uğurlu nəticələr əldə olundu. Bu mərhələdə bir çox tədqiqatçılar süni intellekt probleminin böyük ölçüdə həll edildiyini düşünməyə başladı.
Lakin real dünya ilə qarşılaşdıqca problemlər üzə çıxdı. Qayda əsaslı sistemlər yalnız əvvəlcədən nəzərdə tutulmuş vəziyyətlərdə işləyirdi. Reallıq isə nadir hallarda bu qədər sadə və aydın olur. İnsan davranışı çox vaxt qeyri-müəyyən, kontekstdən asılı və natamam məlumat üzərində qurulur. Bu cür vəziyyətləri sərt qaydalarla ifadə etmək son dərəcə çətin idi.
Ən böyük problemlərdən biri qaydaların böyük partlayışla artması idi. Sadə bir problem üçün bir neçə qayda kifayət edirdisə daha mürəkkəb vəziyyətlər üçün minlərlə qayda tələb olunurdu. Bu qaydaları yazmaq, yoxlamaq və bir-biri ilə uyğunlaşdırmaq demək olar ki, mümkünsüz hala gəlirdi. Kiçik bir dəyişiklik bütün sistemi qeyri-sabit edə bilirdi.
Digər tərəfdən insan düşüncəsi hər zaman məntiqi ardıcıllıqla işləmir. İnsan bəzən natamam məlumatla qərar verir, bəzən təcrübəsinə güvənir, bəzən də qeyri-dəqiq hisslərə əsaslanır. Qayda əsaslı sistemlər isə yalnız dəqiq və formal ifadə olunmuş biliklə işləyə bilirdi. Bu isə onları real mühitlərdə etibarsız edirdi.
Dil emalı sahəsində bu məhdudiyyətlər daha aydın görünürdü. İnsan dili çoxmənalı, kontekstdən asılı və daim dəyişən struktura malikdir. Bir cümlənin mənası situasiyaya görə dəyişə bilər. Qayda əsaslı sistemlər isə bu elastikliyi təmin edə bilmirdi. Nəticədə insan kimi davranmalı olan sistemlər tez-tez mexaniki və süni görünürdü.
Bu çətinliklər tədricən süni intellekt tədqiqatlarında uğursuzluğa səbəb oldu. Gözləntilər yüksək idi, amma nəticələr bu gözləntiləri qarşılamırdı. Bu dövrlər sonradan süni intellektin qış dövrləri kimi xatırlandı. Maliyyələşmə azaldı, bir çox layihələr dayandırıldı və süni intellekt bir müddət əsas tədqiqat mövzusu olmaqdan uzaqlaşdı.
Bu mərhələdə çox mühüm bir həqiqət ortaya çıxdı. İnsan biliyini tam şəkildə qaydalara salmaq mümkün deyil. İnsan dünyanı yalnız formal məntiq üzərindən deyil, təcrübə, ehtimal və adaptasiya vasitəsilə anlayır. Deməli, süni intellekt də yalnız əvvəlcədən yazılmış qaydalarla kifayətlənə bilməzdi.
Alimlər tədricən yanaşmanı dəyişməyə başladılar. Sual artıq belə idi. Maşına bütün qaydaları yazmaq lazımdırmı yoxsa ona bu qaydaları özü tapmağı öyrətmək mümkündürmü? Bu sual süni intellektin inkişafında yeni bir mərhələnin başlanğıcı oldu.
Əgər insan öyrənərək davranışını dəyişirsə maşın da bunu edə bilərmi? Əgər sistem təcrübədən nəticə çıxara bilirsə o zaman əvvəlcədən yazılmış minlərlə qaydaya ehtiyac qalarmı? Bu düşüncə tərzi süni intellektin istiqamətini köklü şəkildə dəyişdi.
Beləliklə, qayda əsaslı sistemlərin məhdudiyyətləri süni intellekti yeni yol axtarışına məcbur etdi. Davranışı təqlid etmək yerini davranışı öyrənməyə verdi. Süni intellekt artıq sərt mexanizmlər yox, adaptiv sistemlər üzərində qurulmağa doğru yol aldı...
Bu nöqtədə bir sual ortaya çıxır:
Maşınlar nə vaxt və necə öyrənməyə başladı?
...



